Avrasiyada yaranmış bu dövlətlərin ümumi ortaq nöqtələri və fərqli xarakterlərinə nəzər salaq. Türklər tarix boyu daha çox cənub və qərbə doğru genişlənərkən, ruslar isə şimal və şərqə doğru ərazilərini genişləndirmişdilər. Bu fərqlilik iki imperiya arasındakı bitib-tükənməyən qarşıdurmaların ola biləcək başlıca nüvəsini öz içində əhatə etməkdə idi. Necə ki, Osmanlı dövləti müharibələrini ruslara qohum olan qərbdəki slavyan xalqlara qarşı apararkən, Rusiya isə Osmanlı türkləri ilə eyni kökdən olan Kazan, Həştərxan, Sibir, Yakutiya kimi regionlardakı türk və müsəlman xalqlara qarşı müharibələr aparmışdı. Bu nöqtədə Avrasiya coğrafiyasında iki zidd imperatorluq, dolayısıyla, iki fərqli inteqrasiya modeli ortaya çıxmışdır. Şimalda şərqə doğru genişlənən Rusiya, cənubda isə qərbə doğru genişlənən Osmanlı modeli formalaşmağa başlamışdır. Tarix boyu bu iki mərkəzli inteqrasiya modelləri arasında mübarizə davam etmişdir. Ruslar zaman-zaman tabeliyində olan xalqları qarşı daha sərt tədbirlər keçirmişdirlər. Rusların təhlükəsizlikləri ilə bağlı davamlı olaraq narahat olmalarının başlıca amillərindən biri, tarixlərində baş vermiş 250 illik tatar-monqol istilasının olması idi. Hal-hazırda hər iki dövlətin xarici siyasətlərini analiz etsək, bir məsələni açıq-aydın görmək mümkündür. Rusiya və Türkiyə kimi dövlətlər keçilmiş tarixi yola zaman-zaman istinad edərək, öz imperiya keçmişlərini xatırlamağa çalışırlar. Və bunu siyasi təsir vasitəsi kimi istifadə edirlər. Nə zaman bu siyasəti həyata keçirməyə çalışsalar, bu iki dövlətin qarşı-qarşıya gəlmələri qaçınılmaz olacağı gözlənilir. Xüsusilə Türkiyə regionda Osmanlı imperatorluğuna dayanan siyasət həyata keçirməyə çalışsa, ən çox Rusiya ilə maraqlarının toqquşmasına gətirib çıxardacaqdır. Son vaxtlar Türkiyənin Sudan, Liviya və Suriya siyasətlərində də bunu açıq-aydın görmək mümkündür. Əslində Türkiyə kimi olduqca gərgin və əhəmiyyətli geosiyasi mövqede yerləşən dövlət üçün daimi düşmən və dost ölkə olmasının mümkünlüyü olduqca azdır. Bu səbəbdən Türkiyə xarici siyasətinin manevr qabiliyyətinin dinamikliyi Rusiya tərəfindən çox diqqətlə izlənilir.